
Ehtiyatlarımız ölkəni 40 ay saxlayacaq səviyyəyə çatdı - SON RƏQƏMLƏR

Mərkəzi Bankın son proqnozlarına əsasən, cari əməliyyatlar balansının profisiti 2026-cı ilin sonuna 8,5 milyard ABŞ dolları olacağı gözlənilir.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilə dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, xarici sektor göstəricilərinin yaxşılaşması strateji valyuta ehtiyatlarının artırılmasına zəmin yaradır. “Strateji valyuta ehtiyatları 9 ayda 5,1% artıb və 89,4 milyard ABŞ dollarına çatıb. Bu ehtiyatlar 40 aylıq mal və xidmət idxalına kifayət etməklə bərabər manatla geniş pul kütləsini 3,4 dəfə üstələyir”, - o qeyd edib.
T.Kazımov bildirib ki, cari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib. “ 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% olub, illik baza inflyasiya sentyabrda 4,9% təşkil edib. Qiymətləndirmələrə görə, son bir ildə inflyasiyanın dinamikasına ən çox artırıcı təsir göstərən amil ticarət tərəfdaşlardakı inflyasiya olub”, - MB sədri vurğulayıb.
Paylaş:






