
Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyan Azərbaycanla sülh prosesinin tam başa çatmadığını deyib və bunun ölkəsi üçün təhlükə yaratdığını iddia edib. Bu fikirləri o, avqustun 5-də parlamentin iclasında səsləndirib.
Onun sözlərinə görə, Ermənistana əsas təhlükələrdən biri Azərbaycanla sülhün hələ tam və geri dönməz xarakter almamasıdır. "Təhlükə Azərbaycandan qaynaqlanır. Çünki bizim Azərbaycanla sülhümüz hələ geridönməz və tam institusionallaşmış xarakter almayıb. Məhz geridönməz hala gəlməmiş bu sülh Ermənistan Respublikası üçün təhlükə yaradır", – Rubinyan bildirib.
O, Türkiyə ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında sərhədin bağlı qalmasını və diplomatik münasibətlərin olmamasını da Ermənistan üçün təhlükə kimi qiymətləndirib. "Türkiyə ilə bağlı sərhədin bağlı olması ən azı iqtisadi, diplomatik münasibətlərin olmaması isə ən azı diplomatik təhlükə yaradır”, – deyə qeyd edib.
Göründüyü kimi, Rubinyan təzə postunda Azərbaycana münasibətdə növbəti dəfə sarsaq iddia səsləndirib (Bundan az öncə Bakıda həbsdə yatan erməni cinayətkarları “əsir” adlandırmışdı). Guya Ermənistana əsas təhlükə Azərbaycandan qaynaqlanır. Halbuki az qala, uşağa da məlumdur ki, kapitulyant ölkəyə ən böyük təhlükə elə onun özündən gəlir. Sülh müqaviləsinin imzalanmasını uzadan, hələ də konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmayan Ermənistandan!
Rubinyanın sülh prosesi ilə bir araya sığmayan təxribatçı ritorikası nəyə hesablanıb?
Hərbi ekspert Ramil Məmmədli Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə, taxıl daşındığını xatırladıb. O, həmçinin, Bakının neft məhsullarının da qonşu ölkəyə ixrac olunduğunu yada salıb. Ramil Məmmədli bu halda Ermənistana təhlükə olduğunu demək məntiqsizdir. Hərbi ekspert spikerin daxili auditoriyaya hesablanmış çıxış etdiyi qənaətindədir: "Rubinyan yeni vəzifəsində xələfi Simonyandan fərqlənir. Onun çıxışları hazırkı kövrək sülh dönəmində münasibətlərə müsbət xal qazandırmır. Təbii ki, Azərbaycanı qane etməyən bir mövqe sərgiləyir və etirazımıza səbəb olur. Lakin Rubinyan bu bəyanatlarla erməni cəmiyyətinə demək istəyir ki, guya hökumət sülhpərvərdir, problemi yaradan qarşı tərəfdir. Xüsusən də konstitusiyaya dəyişiklik tələbimizi onların daxili işinə müdaxilə kimi qələmə verməyə cəhd edirlər və bu yöndə təbliğat aparılır. Halbuki Azərbaycan tələbində haqlıdır. Amma ümumilikdə isə Ermənistanı heç bir təhlükə gözləmir, sərhəddə hərbi eskalasiya riski yoxdur".
Hərbi təhlilçi qeyd edib ki, təhlükə erməni revanşistləri ola bilər: "Torpaqlarımızı 30 il işğal altında saxlamış bir ölkənin spikerinin bu ritorikası həqiqətən də həyasızlıqdır. Azərbaycan ərazilərini talan et, əhalini didərgin sal, şəhərləri dağıt, sonra de ki, Ermənistana təhlükə var. Hərçənd, münaqişə dönəmində Ermənistan ərazilərinə bir güllə də dəyməyib. Amma onlar cəbhə xəttindən uzaqda yerləşən Gəncəni, Bərdəni bombaladılar. Bu cinayətlərə yol vermiş bir ölkənin qanunverici orqanına spikerlik edən şəxs hələ bir danışır da. Məncə, Ermənistan təhlükəni konstitusiyasında axtarmalıdır. Orada bizə qarşı ərazi iddiası yer alır və bu da daim təhdid deməkdir".
