
“Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişib. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması yalnız hərbi-siyasi üstünlük anlamına gəlmir, bu qələbələr eyni zamanda region üçün yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb - münaqişə dövrü başa çatıb, sülh və əməkdaşlıq üçün real imkanlar yaranıb”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Zaur Şükürov bildirib.
2025–ci ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını şərh edən deputat ötən bir ildə sülh prosesində müşahidə olunan inkişaflardan bəhs edib:
“Bir il öncə, avqustun 8-də son dərəcə vacib tarixi hadisəyə şahidlik etdik. ABŞ prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Son 80 ildə tam, mütləq qələbə qazanan yeganə ölkə olan Azərbaycan münaqişəni qalibiyyətlə bitirdikdən sonra Prezident İlham Əliyev sülh təşəbbüsü ilə çıxış etdi. Sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı ərazi iddiasıyla çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən 5 əsas prinsip Ermənistana təqdim edildi. 2025-ci ilin mart ayında yekun olaraq razılaşdırılan, 17 maddədən ibarət sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlandı. Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərə dair bəndin layihəyə salınmasını təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial şəkildə bu məsələnin ölkənin daxili işi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin mümkünsüzlüyünü qarşı tərəfin diqqətinə çatdırırdı.
Məlumdur ki, Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin, Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə mane olurdu.
Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsi kimi tarixə düşdü və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtləri ilə razılaşdı - Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasının zəruriliyini qəbul etdi. Birgə Bəyannamənin 1-ci bəndində də qeyd olunan: “....Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik.... ” ifadəsi məhz bunu ehtiva edir. Unutmayaq ki, Vaşinqton Zirvəsinə qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar”.
Zaur Şükürov diqqətə çatdırıb ki, 8 avqust görüşündən sonra Zəngəzur dəhlizinin açılması da artıq reallığa çevrildi:
“Yenə də həmin Bəyannamənin 3-cü bəndinə istinad edə bilərik: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü vəyurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Bir il sonra mənzərə nədən ibarətdir? Sənəd hələ də imzalanmayıb, lakin sahədə vəziyyət kökündən dəyişib: atəşkəs möhkəmlənib, ticarət başlayıb, sərhəd delimitasiyası institusional məcraya keçib və Dövlət Komissiyaları müntəzəm olaraq görüşür, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Lakin sülhün rəsmiləşdirilməsi qarşısında duran əsas hüquqi maneə-Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları hələ də aradan qalxmayıb. Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı vəziyyəti belə qiymətləndirdi: “...Mən bu haqda artıq dəfələrlə danışmışam və bildirmişəm ki, sülh sazişinin Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub. Avqustdan bəri biz nəinki sərhədimizdə tamamilə yeni vəziyyət yaratmışıq, o cümlədən orada artıq nə atışma, nə ölənlər, nə yaralananlar, nə də ki, problemlər müşahidə olunur. Bununla bərabər, biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin etdiyi üçün minnətdarıq. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. Bu baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq. Prezident tərəfindən açıqlanan ölkəmizin bu mövqeyi rəsmilərimiz tərəfindən də davamlı olaraq səsləndirilib. Belə ki, bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a müsahibəsində də mövqeyimiz bir daha diqqətə çatdırılıb”.
Deputat Ermənistanda cari ilin iyunun 7-də keçirilən parlament seçkilərindən sonrakı periodu da şərh edib:
“Paşinyan hökumətinin qalib gələcəyi təqdirdə, bu hökumətin bəyanatlarına uyğun olaraq, proseslərin sürətlənəcəyinə müəyyən ümidlər var idi, lakin nəticə ikili xarakter daşıyır. Bir tərəfdən, Paşinyanın partiyası parlament çoxluğunu qoruyub saxlayıb və hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb ki, bu, sülh kursunun davam etdiriləcəyinin siyasi mandatı kimi qiymətləndirilir. Digər tərəfdən, partiya Konstitusiyanı müstəqil dəyişdirmək üçün zəruri olan konstitusion çoxluğu (mandatların üçdə ikisi) əldə edə bilməyib. Bu nəticə Konstitusiya dəyişikliyinin parlament yolu ilə deyil, məhz referendum yolu ilə həyata keçiriləcəyi anlamına gəlir. Paşinyan 2025-ci ilin noyabr ayında bildirmişdi ki, referendum 2026-cı il seçkilərindən sonra keçiriləcək, sonrakı açıqlamalarda isə referendumun 2027-ci ilə planlaşdırıldığı bildirilib”.
Zaur Şükürov hesab edir ki, Paşinyanın həqiqi niyyəti ətrafında Ermənistan daxilində və regional ekspert mühitində fərqli qiymətləndirmələr mövcuddur:
“Hadisələrin gedişi Ermənistanda konstitusiya dəyişikliyinin bu il həyata keçirilə biləcəyini müəyyən mənada istisna edir. Ehtimal ehtimal etmək olar ki, Paşinyan hələ daxili auditoriyanı, xüsusilə revanşist əhval-ruhiyyəli seqmenti prosesə hazırlamaq üçün, həm də siyasi risklərdən qorunmaq məqsədilə vaxt qazanmağa çalışır. Bütün bunlarla yanaşı, zənnimcə, Paşinyan hökuməti sülh prosesinin yekunlaşdırılmasında maraqlıdırsa, daha qətiyyətli mövqe və siyasi iradə nümayiş etdirməlidir. Əks halda, regionda daimi maraqları olan xarici qüvvələr öz niyyətlərini həyata keçirmək üçün yenə də Ermənistandan istifadə edərək, prosesləri müəyyən qədər ləngidə bilər. Bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində formal sülh sazişi olmasa da, mahiyyət etibarilə əvvəllər mürəkkəb görünən psixoloji, iqtisadi və institusional baryerlər aşılıb. Tam atəşkəs, Ermənistan tərəfindən sərhəddə əvvəllər törədilən təxribatların hazırda müşahidə edilməməsi, ticarət əlaqələri, vətəndaş cəmiyyətlərinin ilk birbaşa təmasları və delimitasiya prosesinin institusionallaşması - bütün bunlar sülhün sadəcə kağız üzərində deyil, real həyatda formalaşdığının göstəricisidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “de-fakto sülh” formulu bu baxımdan təsadüfi deyil: rəsmi imzalanma gecikə bilər, lakin münaqişənin əsas elementi-silahlı toqquşma artıq keçmişdə qalıb. Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbaycanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı”.
