
Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvanı Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyib. O bildirib ki, "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkətinin güzəştli (konsessiya) idarəçiliyində olan Cənubi Qafqaz Dəmir Yolunun (CQDY) gələcək idarə olunması Rusiya ilə razılıq əldə olunmazsa, beynəlxalq arbitrajın müzakirəsinə verilə bilər.
Paşinyanın sözlərinə görə, Putinlə son telefon danışığı zamanı CQDY mövzusu müzakirə edilməyib. Lakin Ermənistan hökumətinin mövqeyi dəyişməz olaraq qalır. “Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlət ondan məqsədəuyğun bildiyi kimi istifadə etməlidir”, - o vurğulayıb.
Hökumət başçısı İrəvanın məsələni Moskva ilə dostluq formatında həll etməyə ümid etdiyini, lakin hüquqi müstəvidə müstəqil araşdırma ehtimalını da istisna etmədiyini qeyd edib: “De-yure məsələ ortaya çıxa bilər və Rusiya tərəfi razılaşmayacağı təqdirdə buna Arbitraj Məhkəməsində baxıla bilər”. Paşinyan həmçinin əlavə edib ki, hakimiyyət dəmir yolundan istifadənin maliyyə şərtlərinə yenidən baxa bilər: “Məsələn, elə məqamlar üzə çıxa bilər ki, biz 30 il ərzində bunun üçün heç nə tələb etməmişik, indi isə ildə 2 milyard dollar istəyəcəyik”.
Məlumdur ki, Zəngəzur dəhlizinə inşa ediləcək dəmir yolları da daxildir. Belə olan surətdə, yəni İrəvanın Moskva ilə arbitraj çəkişməsi dəhlizin (“Tramp marşrutunun”) reallaşmasını ləngidə bilərmi?
Professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında Zəngəzur dəhlizi layihəsinin reallaşacağına əminliyini bildirib. Bu marşrutun ABŞ-nin birbaşa nəzarətində olduğunu xatırladan professor hesab edir ki, açılışın yubanması mümkündür, amma ümumiyyətlə, işə düşməməsi versiyası nonsensdir.
Q.Hüseynlinin fikrincə, Paşinyanın dilə gətirdiyi arbitraj çəkişməsi İrəvanla Moskva arasında getdikcə dərinləşən böhranı ağırlaşdıra bilər: “Hazırda Avrasiya İqtisadi Birliyi ilə bağlı yaranmış gərginlik tərəfləri artıq Arbitraj Məhkəməsinə qədər sürükləyir. Ermənistan hakimiyyəti ondan referendum tələb edilməsinə adekvat reaksiya olaraq arbitraj prosesini masaya daşıyır. Güman etmirəm ki, Ermənistan bu addımı atacaq. Sadəcə, belə bir variant olduğunu Rusiyanın diqqətinə çatdırır”.
Professor Rusiya-Ermənistan münasibətlərinin köklü həllini gözləmir: “Bu, necə ola bilər? Axı Paşinyan anti-Rusiya xəttini dəstəkləyir. Avropa İttifaqı da bu mövqeyinə görə onu müdafiə edir. 2018-ci ildən bu yana gəldiyi yola baxanda aydındır ki, Rusiyadan uzaqlaşma hədəfi var. Sadəcə, Ermənistanın Rusiyadan uzaqlaşması o qədər də asan məsələ deyil və bu addımlar mərhələli şəkildə atılır, bəzən qabarma, bəzən çəkilmə olur. O nöqteyi-nəzərdən, Paşinyan gah Moskvaya gedir, gah Putinlə zəngləşir, gah da anti-Rusiya bəyanatları səsləndirir. Bütün hallarda bu gərginlik davam edəcək və Zəngəzur dəhlizinin açılması prosesinə müəyyən mənada təsirini göstərəcək. Amma o demək deyil ki, yubanma uzun çəkəcək. Burada ABŞ-nin qarantiya olduğunu nəzərdən qaçırmaq olmaz”.
