Fim.az » siyaset » Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!
Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!

Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!

Birinin yolu Şuşadan, digərinki Türkiyədən keçir: Bu qardaşlığı heç kim poza bilməz!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Bakı-Ankara münasibətlərinin sadəcə diplomatik tərəfdaşlıqdan ibarət olmadığını bir daha nümayiş etdirdi. Bu qarşılıqlı səfərlər iki dövlət arasında mövcud olan qardaşlığın, strateji müttəfiqliyin və sarsılmaz birliyin növbəti təzahürüdür.

Birinin Qarabağın tacı Şuşada, digərinin Türkiyədə qarşılanması eyni siyasi iradənin, ortaq maraqların və vahid gələcəyə baxışın ifadəsidir. Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından keçərək bütün sahələrdə daha da möhkəmlənir. Bu gün Bakı ilə Ankara arasındakı əlaqələr təkcə iki ölkənin deyil, bütövlükdə regionun siyasi mənzərəsinə təsir edən mühüm amildir.

Ərdoğanın Şuşa səfəri və İlham Əliyevin Türkiyə səfəri bir daha göstərir ki, iki qardaş ölkənin yolu birdir, maraqları ortaqdır və onları bir-birindən ayırmaq mümkün deyil.

Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a bildirdi ki, Cənubi Qafqazın geosiyasi mənzərəsində Bakı və Ankara arasındakı strateji müttəfiqlik həm regional sabitliyin, həm də qlobal miqyasda yeni güc balansı formalaşmasının əsas sütununa çevrilib: "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfər Günü ərəfəsində Qarabağa, xüsusilə də tarixi Şuşa şəhərinə reallaşan rəsmi səfəri iki qardaş ölkə arasındakı sarsılmaz birliyin növbəti parlaq nümayişi oldu. Bu səfər çərçivəsində səsləndirilən bəyanatlar və keçirilən yüksək səviyyəli görüşlər göstərdi ki, Şuşa Bəyannaməsi ilə rəsmiləşən strateji tərəfdaşlıq sadəcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, bütün Türk dünyasının inteqrasiyası və Cənubi Qafqazda daimi sülhün bərqərar olunması üçün mühüm zəmin yaradır. Türkiyə dövlət başçısının azad edilmiş torpaqlarda olması, bərpa-quruculuq işləri ilə yaxından tanışlığı və Qarabağdan verilən mesajlar, üçüncü tərəflərin bölgədə nifaq salmaq və ya iki ölkə arasındakı münasibətlərə kölgə salmaq cəhdlərinin tamamilə əhəmiyyətsiz olduğunu bir daha sübut etdi. Liderlərin çıxışlarında xüsusi vurğulandığı kimi, Azərbaycan və Türkiyə birliyi həm hərbi-siyasi, həm də iqtisadi baxımdan hər hansı kənar təzyiqə davamlıdır. Bu tarixi səfərin dərhal ardından Prezident İlham Əliyevin noyabrın 10-da Türkiyəyə işgüzar səfərə gələrək Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak etməsi diplomatiyada varislik və qarşılıqlı dəstək prinsipinin ən bariz nümunəsidir".

Parlament təmsilçisi onu da xüsusi olaraq vurğuladı ki, Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsindən sonra əldə etdiyi zəngin təcrübəni və dəstəyi qardaş Türkiyənin təşkil etdiyi COP31 platformasına daşıması iki ölkənin qlobal problemlərin həllində də çiyin-çiyinə addımladığını nümayiş etdirir: "Bakı və Ankara arasındakı bu sıx diplomatik müstəvidə dinamika göstərir ki, hər iki lider şəxsi dostluq və dövlətlərarası müttəfiqlik əlaqələrini həm regional təhlükəsizlik məsələlərində, həm də yaşıl energetika və iqlim diplomatiyası kimi qlobal gündəliklərdə ən yüksək səviyyədə koordinasiya edirlər. Bu ardıcıl səfərlər və yüksək səviyyəli təmaslar iki ölkə arasındakı münasibətlərin yalnız keçmiş zəfərlərin qeyd olunması ilə məhdudlaşmadığını, gələcəyə yönəlmiş vahid geosiyasi və iqtisadi strategiyanın sarsılmaz təməllər üzərində inkişaf etdiyini bir daha təsdiqləyir".