
Kəlbəcərdə vəhşi təbiətlə insanların gündəlik həyatı arasında maraqlı qarşılaşma yaşanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə iri bir ayının avtomobillərin hərəkət etdiyi tunelə daxil olduğu görünür.
Kadrlarda ayının tunelin içərisində bir müddət çaşqın vəziyyətdə qaldığı, qarşısından və arxasından avtomobillərin hərəkət etməsi səbəbindən hara gedəcəyini müəyyənləşdirə bilmədiyi müşahidə olunur. Vəhşi heyvanın qorxu və narahatlıq içində tunelin divarlarına yaxınlaşaraq çıxış yolu axtarması görüntülərə xüsusi maraq qatıb.
Məlumata görə, ayının daxil olduğu tunelin Kəlbəcərdən Laçın istiqamətində çəkilən avtomobil yolunun üzərində yerləşən və uzunluğu təxminən 2 kilometr olan tunel olduğu bildirilir.
Kəlbəcərin dağlıq relyefi və zəngin meşəlik əraziləri burada ayı, canavar, cüyür və digər vəhşi heyvanların yaşayışına əlverişli şərait yaradır. Son dövrlərdə bölgədə Böyük Qayıdış prosesinin sürətlənməsi, yeni yolların və yaşayış məntəqələrinin salınması ilə insanlarla vəhşi heyvanların qarşılaşması hallarına da daha çox rast gəlinir.
Mütəxəssislərin fikrincə, belə hallarda heyvana yaxınlaşmaq, onu qovmaq və ya qorxutmaq təhlükəli ola bilər. Ən doğru yanaşma heyvanın təhlükəsiz şəkildə ərazidən uzaqlaşmasına şərait yaratmaqdır.
Sosial şəbəkələrdə yayılan görüntülər isə Kəlbəcərin bənzərsiz təbiətinin daha bir maraqlı tərəfini ortaya qoyub: şəhərlə təbiətin iç-içə olduğu bu dağlıq ərazidə bəzən yolun sahibi bir neçə dəqiqəlik vəhşi təbiətin nümayəndəsi ola bilir.
