
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal

Bu hərbi obyektin taleyi təkcə Ermənistan-Rusiya münasibətlərinə deyil, bütövlükdə regiondakı güc balansına təsir edə bilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı səsvermə hüququndan məhrum etdikdən sonra diqqətlər Rusiyanın Gümrüdəki hərbi bazasına dikilib. Musavat.com xəbər verir ki, “Nezavisimaya qazeta” yazır ki, İrəvan gələcəkdə 102-ci bazadan sövdələşmənin bir hissəsi kimi, məsələn, Rusiya qazının qiyməti ilə bağlı istifadə edə bilər.
Musavat.com xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşrinin yaydığı məlumata görə, noyabrın əvvəlində internetdə yayılan videoda hərbi geyimli şəxsin yerdə uzanmış gənci təhqir etdiyi, ona fiziki zorakılıq göstərdiyi və “Gümrü bizim şəhərimizdir, başa düşdün? Rus əsgərlərinin şəhəridir!” dediyi eşidilir. Bu görüntülər Ermənistanda ciddi narazılıq yaradıb.
Bununla yanaşı, oktyabrda da Gümrünün Ani məhəlləsində Ukrayna vətəndaşı Dmitri Samuelyenkoya qarşı törədilən hücumla bağlı araşdırma aparılır. O, iki nəfərin hücumuna məruz qaldığını polisə bildirib. Ermənistanın “CivilNet” portalının mənbələrinin məlumatına görə, hücum edənlər 102-ci Rusiya hərbi bazasının qulluqçularıdır. Onlara qrup halında sağlamlığa yüngül zərər vurmaq ittihamı irəli sürülüb. Hər iki şübhəli həbs edilib və Ermənistanın penitensiar müəssisəsində saxlanılır. Hələlik Rusiya səfirliyi və hərbi bazanın komandanlığı tərəfindən insidentlərlə bağlı rəsmi izahat verilməyib.
Alman nəşri yazır ki, Gümrüdə baş verən son hadisələr Rusiya hərbi bazasının adı ilə bağlı ilk qalmaqal deyil. Bu hərbi obyekt uzun illərdir Ermənistan cəmiyyətində təhlükəsizlik, hüquqi məsuliyyət və xarici hərbi qüvvələrin davranışı ilə əlaqədar mübahisələrin mərkəzində dayanır.
102-ci baza ilə bağlı ən dəhşətli hadisə 2015-ci ilin yanvarında baş vermişdi. Rusiyalı hərbçi Valeri Permyakov Avetisyanlar ailəsinin yeddi üzvünü, o cümlədən iki uşağı qətlə yetirmişdi. Bu cinayət Ermənistan cəmiyyətində böyük sarsıntı yaratmış, Gümrüdə minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarına səbəb olmuşdu.
Permyakov Ermənistan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilsə də, sonradan cəzasını çəkmək üçün Rusiyaya təhvil verilmişdi.
Picture background
Bu hadisələrin hər biri Ermənistan cəmiyyətində eyni sualı aktuallaşdırıb: ölkə ərazisində yerləşən xarici hərbi qüvvələrin qulluqçuları yerli qanunları pozduqda onların məsuliyyətə cəlb edilməsi nə dərəcədə təmin olunur? 102-ci Rusiya hərbi bazasının Ermənistanda yerləşməsini tənzimləyən 1995-ci il müqaviləsi ilə yanaşı, 1997-ci il avqustun 29-da imzalanmış ayrıca yurisdiksiya sazişi də mövcuddur.
Həmin sənədə əsasən, Rusiya hərbçilərinin Ermənistan ərazisində törətdikləri cinayətlər, bir qayda olaraq, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yerli qanunvericiliyə uyğun araşdırılmalıdır.
Bununla belə, müəyyən istisnalar nəzərdə tutulub. Cinayət hərbi bazanın ərazisində törədildikdə, Rusiyaya, bazanın şəxsi heyətinə və onların ailə üzvlərinə qarşı yönəldikdə, yaxud hərbi xidmətlə bağlı xüsusi kateqoriyaya aid olduqda fərqli yurisdiksiya qaydaları tətbiq oluna bilər.
Ən ciddi problem isə hərbi obyektin daxilində aparılan istintaq tədbirləri ilə bağlıdır. Ermənistan tərəfi belə hallarda Rusiya qurumları ilə birgə hərəkət etməli, yaxud yazılı müraciət əsasında onların iştirakı və razılığı ilə müvafiq tədbirlər həyata keçirməlidir.
Vanadzor Helsinki Vətəndaş Assambleyası ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts hesab edir ki, məhz bu mexanizm Rusiyanın hərbi bazasına faktiki toxunulmazlıq imkanı yaradır.
Onun sözlərinə görə, Rusiya komandanlığı əvvəllər də şübhəli şəxslərin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə mane olub. Hüquq müdafiəçisi iddia edir ki, son insidentdə şübhəlilərin həbsinin mümkün olması onların hərbi bazanın daxilində deyil, kənarda kirayələdikləri mənzildə yaşaması ilə əlaqədardır. Sakunts Ermənistan Xarici İşlər Nazirliyini Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini çağırmağa və rəsmi xəbərdarlıq etməyə dəvət edib. Onun fikrincə, siyasi iradə nümayiş etdirilməsə, belə hadisələrin təkrarlanması qaçılmazdır.
102-ci baza ətrafında yaranmış yeni qalmaqal Ermənistan-Rusiya münasibətlərinin onsuz da gərgin olduğu bir dövrə təsadüf edir. Yəni Ermənistanın KTMT-dən siyasi uzaqlaşması ilə Rusiya hərbi bazasının gələcəyi arasında əlaqə getdikcə daha aydın görünür. İrəvan bir tərəfdən Moskvanın təhlükəsizlik təminatlarını yetərsiz hesab edir, digər tərəfdən isə ölkə ərazisində Rusiyanın mühüm hərbi obyektinin fəaliyyətini davam etdirməsinə razılıq verir.
Bu, Ermənistanın xarici siyasətindəki ziddiyyətlərdən biri kimi qiymətləndirilə bilər.
Ermənistanda Rusiya hərbi bazasının fəaliyyət müddəti 1995-ci il dövlətlərarası müqaviləsi ilə müəyyənləşdirilib. 2010-cu ildə imzalanmış protokolla bazanın Ermənistanda qalma müddəti 2044-cü ilədək uzadılıb.
Müqaviləyə əsasən, bazanın fəaliyyət şərtləri tərəflərin qarşılıqlı razılığı ilə yenidən nəzərdən keçirilə bilər. Onun ləğvi ilə bağlı məsələlər isə xüsusi komissiya çərçivəsində razılaşdırılmalıdır.
Picture background
Son aylarda həm Rusiya, həm də Ermənistan rəhbərliyinin açıqlamaları bu məsələnin artıq yalnız hüquqi deyil, siyasi müstəvidə də müzakirə olunduğunu göstərir. Sentyabrda Rusiya prezidenti Vladimir Putin Moskvanın Ermənistan istədiyi təqdirdə hərbi bazanı ölkədən çıxarmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bunu zəruri hesab edərsə, Rusiya hərbçiləri hətta sabah da ölkəni tərk edə bilərlər.
Paşinyan isə cavabında 2022-ci il hadisələrinin Rusiyanın hərbi bazasının Ermənistanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşımadığını göstərdiyini vurğulayıb.
Bununla belə, rəsmi İrəvan indiyədək 102-ci bazanın tamamilə çıxarılması ilə bağlı konkret tələb irəli sürməyib. Moskva da bu hərbi obyektin regiondakı təhlükəsizlik sisteminin mühüm elementi olduğunu bəyan etməkdə davam edir.
Siyasi analitik Boris Navasaardyan hesab edir ki, Rusiya hərbi bazasının hüquqi statusuna yenidən baxılması məsələsi əslində çoxdan yetişib. Onun fikrincə, 2015-ci ildə Avetisyanlar ailəsinin qətlə yetirilməsindən sonra bu istiqamətdə ciddi dəyişikliklər edilməli idi.
Analitik xüsusilə Rusiya hərbçilərinin Ermənistana daxil olması, hərbi bazadan kənarda sərbəst hərəkət etməsi və hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması qaydalarının dəqiqləşdirilməsinin vacibliyini vurğulayır.
Navasaardyanın fikrincə, bu məsələlər həm bazanın statusunda, həm də müvafiq ikitərəfli sazişlərdə konkret şəkildə əksini tapmalıdır. Gümrüdəki son hadisələr daha geniş geosiyasi proseslərin fonunda qiymətləndirilməlidir. Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşması, KTMT-də iştirakın dondurulması, Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi və Rusiyanın regional təsir imkanlarının zəifləməsi Moskvanı Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün yeni yanaşmalar axtarmağa vadar edir.
Gümrüdə yerləşən bu hərbi obyektin taleyi təkcə Ermənistan-Rusiya m102-ci hərbi baza Rusiyanın Ermənistandakı əsas hərbi dayağı olmaqla yanaşı, Moskvanın Cənubi Qafqazdakı mövcudluğunun da ünasibətlərinə deyil, bütövlükdə regiondakı güc balansına təsir edə bilər.
Paylaş:





