
Son aylar Binəqədi rayonunda müxtəlif tikinti işlərinin intensivləşdiyi müşahidə olunur.
Növbəti belə tikinti 2 saylı Dəmiryol Poliklinikasının qarşısında yerləşən ərazidə aparılır. Redaksiyamıza daxil olan görüntülər və sakinlərin müraciətlərinə əsasən, tikinti sahəsində təhlükəsizlik qaydalarına tam riayət olunmadığı iddia edilir. Bildirilir ki, tikinti ərazisi lazımi şəkildə hasarlanmayıb, piyadaların hərəkəti üçün təhlükəsiz keçid təmin edilməyib və işlərin sənədləşdirilməsi ilə bağlı da suallar mövcuddur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, tikinti işləri yalnız müvafiq dövlət qurumlarının verdiyi icazə əsasında aparılmalı, eyni zamanda tikinti zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, aparılan tikinti səbəbindən səkilər demək olar ki, keçilməz vəziyyətə düşüb. Onlar bildirirlər ki, piyadalar, xüsusilə yaşlı insanlar, uşaqlar və əlilliyi olan şəxslər yolun hərəkət hissəsinə çıxmağa məcbur qalırlar ki, bu da onların təhlükəsizliyi üçün ciddi risk yaradır.
Məsələnin araşdırılması məqsədilə Bizimesr.media tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi sorğular ünvanlanacaq.(Bizimesr.media)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
