
Ekspert hesab edir ki, Rusiya hərbi kontingenti Gümrüdə çox qalmayacaq, amma...
Ermənistan-Rusiya münasibətlərində gərginlik daha da artır. Rusiyanın Ermənistandan süd və süd məhsullarının idxalına qadağa qoymasından sonra iki ölkə arasında növbəti mübahisə mövzusunun Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası olacağı bildirilir.
Ekspertlər hesab edirlər ki, Ermənistanda son illər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarılması ilə bağlı çağırışların artması təsadüfi deyil. Bildirilir ki, yaxın zamanda Moskva ilə İrəvan arasında keçiriləcək müzakirələrdə 102-ci hərbi bazanın gələcəyi əsas gündəm mövzularından birinə çevriləcək. Politoloqun qənaətincə, Kreml Ermənistanın Rusiya hərbi mövcudluğuna münasibətini dəqiqləşdirməyə çalışacaq. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə Rusiyanın xaricdəki vətəndaşlarını qorumaq üçün ordudan istifadə etməsinə icazə verən yeni qanunla bağlı fərqli mövqe sərgiləmişdi. Bildirilirdi ki, Paşinyan Rusiya Dövlət Dumasında qəbul edilən qanunun Gümrüdəki 102-ci hərbi baza kontekstində Ermənistan üçün hər hansı təhlükə yaratmadığını deyib. Baş nazir qeyd etmişdi ki, Rusiyanın daxili qanunlarından asılı olmayaraq, ölkə ərazisindəki hərbi baza yalnız Ermənistan qanunvericiliyi və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməlidir. Sitat: “Heç bir narahatlıq yoxdur, çünki 102-ci baza Rusiya Federasiyasında hansı qanunların qüvvədə olmasından asılı olmayaraq, Ermənistan qanunvericiliyi və Ermənistanın səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir”.
Bu ilin fevralında da Paşinyan Ermənistan hakimiyyətinin Rusiya hərbi bazasının çıxarılması variantını nəzərdən keçirmədiyini və Rusiya ilə iqtisadi-siyasi əlaqələrin sıx şəkildə davam etdirildiyini vurğulamışdı. Bu arada, 27 iyulda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Paşinyan vurğulayıb ki, Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir. O, bu problemlərin tənzimlənməsi üçün tədbirlər görülməsini xahiş edib. Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlük məsələsi üzrə referendumun keçirilməsinə gəlincə, Paşinyan qeyd edib ki, referendumun keçirilməsi praktiki olaraq yalnız Ermənistan tərəfindən Aİ-yə üzvlük üçün rəsmi müraciət edildikdən və mövzu konkretləşdikdən sonra mümkündür. Düzdür, telefon danışığında 102-ci bazadan bəhs olunması barədə hər hansı detal açıqlanmır. Amma bəzi ekspertlərə görə, istisna deyil ki, qapalı müzakirələrdə bu mövzudan ehtiyatlı şəkildə olsa da, bəhs edilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında əvvəlcə Paşinyanla Putin arasındakı telefon danışığından bəhs etdi: “Elə başa düşmək olar ki, bu məlumatı da Ermənistan hökumətinin mətbuat xidməti yayıb və tərəflər Rusiya-Ermənistan gündəmini müzakirə eləyiblər. Gündəm çox mürəkkəb və belə demək mümkünsə, zəngindir. Rusiyadan Ermənistana qadağalar davam edir. Sözsüz ki, bu qadağaların fonunda "Rosselxoznadzor"un tətbiq etdiyi son məhdudiyyətlər, yəni Ermənistanı da Rusiyaya qarşı cavab addımları atmağa məcbur edir".
Ekspert hesab edir ki, ona görə də 102-ci hərbi bazanın ölkədən çıxarılması müzakirə mövzusu ola bilər: “Mən bunu bir neçə dəfə səsləndirmişəm və bu gün bir daha onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Gümrüdəki 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistanda qalmayacaq. Bu istiqamətdə artıq Ermənistanın bəzi çağırışları və bəzi addımları görünür. Böyük ehtimalla, Ermənistanla Rusiya arasında 102-ci bazanın yaxın illərdə çıxarılması ilə bağlı müzakirələrə başlanacaq. Mənə elə gəlir ki, 102-ci Rusiya hərbi bazasının statusu yaxın illərdə aktiv müzakirə olunacaq. Necə ki, 2025-ci ilin avqustunda Zvartnots hava limanından sərhədçilərin çıxarılması rahat şəkildə həyata keçirildi, eyni qaydada da 102-ci hərbi baza Ermənistandan çıxarılacaq. Düzdür, çətin olacaq, amma yaxın illərdə bu məsələ aktuallaşacaq. Yəni Cənubi Qafqazda - Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin, belə deyək, istiləşməsi fonunda, Cənubi Qafqazda baş verən hadisələrin fonunda 102-ci bazanın Ermənistanda uzun müddətə, yəni 2044-cü ilə qədər qalacağını şəxsən mən düşünmürəm. Belə hesab edirəm ki, Moskva sonda - həm dünyada, həm də regionda baş verən proseslər fonunda - məcburiyyət qarşısında qalıb, 102-ci bazanı Ermənistandan geriyə çəkəcək. Amma hara çəkəcək? Mən bunu deyə bilmərəm, lakin təxmin edirəm ki, baza əvvəlcə Rostov - yəni Şimali Qafqaz Hərbi Dairəsinə, ondan sonra isə harasa aparılacaq. Bunu isə necə deyərlər, zaman və dünyada baş verən proseslər göstərəcək”.
Hərbi ekspert əmindir ki, Ermənistan öz mövqeyini müəyyənləşdirib: "Çünki Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında formal təmsilçiliyi, iki ildən artıqdır bütün çağırışlara, hədələrə, təzyiqlərə baxmayaraq, üzvlük haqqının ödənməməsi, o cümlədən son vaxtlar Ermənistan konyakına, sonra mineral su olan “Cermuk”a, o cümlədən Ermənistanın kənd təsərrüfatı məhsullarına “Rosselxoznadzor” tərəfindən yaradılan problemlər, əlbəttə ki, Ermənistanda çox böyük narazılıq yaradıb. Düzdür, Avropa İttifaqı da bunu kompensasiya etmək üçün Ermənistana müəyyən dəstəyi ifadə eləyib".
Ü.Cəfərov iki ölkə arasında gərginliyin hökm sürdüyünü vurğuladı: "Son vaxtlar Moskva ilə həm telefon danışıqları, həm Paşinyanın Yekaterinburqda Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqları, o cümlədən Paşinyanın Putinlə telefon danışığı onu deməyə əsas verir ki, tərəflər arasında həqiqətən də münasibətlər çox gərgindir və Rusiya da Ermənistan tərəfindən atılan addımlara görə narahatdır".
Polkovnik qeyd etdi ki, iki ölkənin liderləri arasındakı son telefon danışığında Ermənistan tərəfi Ermənistan mallarının Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərdən açıq şəkildə narazılığını ifadə eləyib və bunun da Avrasiya İqtisadi İttifaqında olan münasibətlərə xələl gətirdiyini vurğulayıb: "Baxmayaraq ki, məlumat belə məhdud şəkildə verilib, amma Paşinyan Rusiyadan konkret olaraq Avrasiya İqtisadi İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib. Əslində qalsa, bu gün bir az fərqli mənzərədir, amma görünən odur ki, Ermənistan öz qərarlarında israrlıdır".
Ü.Cəfərov Avropa İttifaqına üzvlüklə bağlı referendum mövzusunun da Rusiya və Ermənistan arasında müzakirə mövzusu olduğuna diqqət çəkdi: "Ermənistan mütləq bu mövzuya qayıdacaq, necə ki, Paşinyan-Putin danışıqlarında da müzakirə mövzusu olub. Hesab eləyirəm ki, Ermənistanın növbəti addımları bu istiqamətdə olacaq və başqa bir variantın olacağını düşünmürəm".
