Lənkəran Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər davam edir - ÖZƏL
Koreyanın ölkəmizdəki səfiri Lənkəranda olub
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Lənkəran rayonunda səfərdə olub. Səfər çərçivəsində koreyalı diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovla görüşüb.
İcra başçısı xarici qonağa Lənkəranın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı, habelə iqtisadi əlaqələrin mümkün perspektivləri barədə ətraflı məlumat verib. Taleh Qaraşov cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Koreya ilə Azərbaycan arasındakı əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb.
Koreyalı diplomat səmimi qəbula və xoş söhbətə görə icra başçısına təşəkkür edib. Səfir ölkələrimiz arasındakı qarşlıqlı münasibətlərin inkişafı barədə danışıb, kənd təsərrüfatı sahəsindəki əlaqələrin inkişafında daha maraqlı olduqlarını qeyd edib və bu istiqamətdə Lənkəranla əməkdaşlığın mümkün perspektivlərinə toxunub.
Qeyd edək ki, koreyalı diplomat səfər çərçivəsində “Lənkəran Konserv” ASC, “Azərsun Holding”in konserv kombinatı, “Azərxalça” ASC-nin Lənkəran filialı, “Beta Azərbaycan” şirkətinin çəltik emalı zavodu, “Yaşıl çay” FT-nın çay fabrikinin fəaliyyəti ilə tanış olub, “Hallabonq” sitrus meyvələri və çay plantasiyalarına, həmçinin çəltik sahəsinə baxış keçirib və Xanbulançay dəryaçasına baş çəkib.
Lənkəranda yeni supermarketin açılışı keçirilib
Lənkəranda “Bravo” marketlər şəbəkəsinin yeni supermarketinin açılışı olub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov və rayon rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər.
Lənkərana sahibkarların sərmayə yatırmasının önəmindən danışan Taleh Qaraşov bunun bütövlükdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi ilə müşahidə olunduğunu, nəticədə məşğulluq imkanları artdıqca əhalinin həyat səviyyəsinin yüksəldiyini və vətəndaş məmnunluğunun təmin olunduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir ticarət infrastrukturlarının istifadəyə verilməsi cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana olan diqqət və qayğısının nəticəsi olmaqla yanaşı, rayonumuzun iqtisadi potensialını nümayiş etdirir.
İcra başçısı bildirib ki, sahibkarlıq mühitinin daha da optimallaşdırılması, daxili istehsalın stimullaşdırılması və qorunması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetləri sırasında mühüm yer tutur. Onun sözlərinə görə, bölgələrdə yeni müəssisələrin açılması iqtisadi fəallığı sürətləndirməklə yanaşı, ticarətin dövriyyəsinin də yüksəlməsinə imkan yaradır ki, bu da mal və xidmətlərin çeşidinin artmasına, ümumilikdə, əmtəə bazarının canlanmasına təkan verir. İcra başçısı qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizdə sürətli iqtisadi inkişafa nail olunub.
Daha sonra icra başçısı və rayon rəhbərliyində təmsil olunan şəxslər yeni supermarketlə tanış olublar və yaradılan şəraitə baxıblar.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
