“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlərimizlə görüşlər keçirəcək.
Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən Brüssel-Azərbaycan Mədəniyyət Evini ziyarət ediblər. Mədəniyyət evi, onun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Səfər çərçivəsində gələcək əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Sonra “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyəti Amsterdamda fəaliyyət göstərən Hollanda Türk Federasiyasını ziyarət ediblər. Federasiya nümayəndələri ilə görüş zamanı Hollanda Türk Federasiya rəhbəri Murat Gedik “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin İdarə Heyətinin qərarına əsasən, Azərbaycan-Türkiyə qardaşlığının inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib.
Həmçinin “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyəti Rotterdam şəhərinə gələrək, burada yaşayan pakistanlı iş adamı Tajamal Hussain Şudri ilə görüşüblər. 44 günlük Vətən Müharibəsində Azərbaycana xüsusi dəstəyinə görə pakistanlı iş adamına hədiyyələr təqdim olunub.
Rotterdama səfəri çərçivəsində nümayəndə heyətinin üzvləri Avropada fəaliyyət göstərən “Qarabağ” İdman klubunun təsisçiləri ilə görüş keçiriblər. Klubun təsisçilərinə Avropada “Qarabağ” adının təbliğatı və təşviqatı istiqamətindəki xidmətlərinə görə təşəkkür edilib.
Benelüks Azərbaycanlıları Konqresinin (BAK) və “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndələri Haaqa şəhərində Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbərliyi və üzvləri ilə də görüşüblər. Dərnək tərəfindən Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Qeyd edək ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndə heyətinin səfəri mart ayının 8-nə qədər davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam














