40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Ermənistanda kritik parlament seçkilərinə 40 gün qaldı. Ona görə kritik ki, qarşıdakı seçkilər ölkənin gələcək inkişaf istiqamətini müəyyən edəcək və bir əsas suala aydınlıq gətirəcək. Bu da odur ki, cırtdan Ermənistan və onun çörəyi dizi üstdə olan xalqı, nəhayət, qonşularla dinc-yanaşı, beynəlxalq hüquq çərçivəsində yaşamağa üstünlük verir, yoxsa əvvəlki konfrontasiya yoluna qayıtmaqla təcriddə qalmağa?
Bu mənada 7 iyun səsverməsini hərblə sülh arasında seçim sayanlar qətiyyən yanılmırlar. Qarşı duran tərəflər bəlli. Hakimiyyətin əsas tezisi də, sülh çuxasına bürünmüş radikal-revanşistlərin hədəfi də məlum. Qısası, tarixi fürsət də, taleləri də qonşuların öz əlində...
Bu arada seçkilərin mümkün nəticələri ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. Lakin qalibin hakim “Vətəndaş Müqaviləsi” Partiyası olacağına şübhə edənlər çox deyil. O sırada erməni politoloq Alen Qevondyana görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu partiya seçkilərdə konstitusion çoxluğu qazana bilməsə də, 50%+1 səs çoxluğu əldə edə biləcək.
Ancaq onu fikrincə, hakimiyyət konstitusiya çoxluğu qazanmazsa, ölkədə parlament böhranı yaşana bilər. “O halda hakimiyyət müxalifət təmsilçilərini, eləcə də arzuolunmaz təhlükəsizlik işçilərini həbs etməyə başlayacaq. Onların başqa çarəsi qalmayacaq. Parlament böhranı baş verərsə, tezliklə yeni seçkilər keçiriləcək”, -Qevondyan vurğulayıb.
Lakin o, müxalifətin 50%+1 səs çoxluğu qazanacağına inanmır. Yəni, opponentlərin yığışıb koalision hökumət qurması real görünmür. Onsuz da onların arasında birlik və koordinasiya yoxdur.
Erməni ekspert onu da deyib ki, kiçik ölkələrin idarə olunması böyük dövlətlərin mövqeyi ilə müəyyən edilir və onlar Ermənistan məsələsində konsensusa gələ bilərlər: “Geosiyasi aspekt güclənəcək, Azərbaycan və Türkiyə əsas kuratorlar olacaq. Rusiyaya gəldikdə, düşünmürəm ki, o, ciddi şəkildə prosesə müdaxilə edəcək”...
Əlbəttə, 50%+1 üstünlüklə qələbə konstitusion çoxluq sayılmasa da, təkbaşına hökumət qurmaq üçün kifayət edəcək. Bu həm də o anlama gəlir ki, güc strukturlarının, hüquq-mühafizə orqanlarının başında hakim qüvvənin nümayəndələri olacaq.
50%+1-lik qələbə həmçinin konstitusiya referendumu üçün pis nəticə sayılmayacaq. Bir şərtlə ki, referendumda elektoratın 50% iştirakı təmin olunsun (Seçkilərdə belə bir tələb yoxdur). Paşinyan komandasının bir çətin işi də yəqin ki, bu olacaq.
Görək hakim komandanın üzvləri bunun öhdəsindən necə gələcəklər? Erməni seçicini inandıra biləcəklərmi ki, qonşularla sülh ən əvvəl “yaxın keçmişin təhlükəli qalığı” olan indiki konstitusiyadan qurtulmaqdan keçir? Ümid edək ki, ictimai rəylə kifayət qədər işləmək təcrübəsi olan və güclü təbliğat resurslarına malik Paşinyan bu məsələdə gərəkən nəticəni ala biləcək...
O ki qaldı Azərbaycan və Türkiyənin Azərbaycan və Türkiyə kuratorluğu məsələsinə, belə bir şey olacaqsa da, yalnızca beynəlxalq hüquq çərçivəsində reallaşacaq. Nə Bakının, nə də Ankaranın Ermənistanda “təsir agentləri” mövcud deyil. Buna lüzum da yox. Əks halda, Nikol Paşinyanın ziyanına işləyər.
Ancaq şəkk-şübhə yox ki, Azərbaycan və Türkiyə Paşinyan partiyasının qələbəsi üçün mümkün bütün qanuni rıçaqlardan istifadə edib daxildə onun əlini gücləndirəcək. Ona görə ki, artıq hamı eyni “qayıqdadır”. Bu qayıqda yalnızca revanşist-radikallara və avantüristlərə yer yoxdur, olmayacaq. Odur ki, 40 gün sonra erməni xalqı sonuncuları tarixin arxivinə göndərməyi bacarmalıdır...
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
